“Türkdilli ölkələrin futbol komandaları üçün Türk kuboku yarışları keçirilsin” - Təklif 

16:57 11.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 10-da Milli Məclisdə “Naxçıvan Sazişi - 10 il” mövzusunda beynəlxalq konfrans keçirilib.  Millət vəkili Hikmət Babaoğlu yubley tədbirində təkliflə çıxış edib. Millət vəkili təklif edib ki, TÜRK PA-ya daxil olan ölkələrinin futbol turniri keçirilsin.

Bu barədə hafta.az-a millət vəkili özü danışıb. Hikmət Babaoğlu bildirib ki, Avropa kuboku olduğu kimi, Türk kuboku da olsun: “Yığmalarımız ildə bir dəfə bir araya gəlsinlər. Türksoylu ölkələrin milli komandaları bir-biriləri ilə futbol yarışlarında güclərini sınasınlar. Görüş keçirsinlər. Oynasınlar. Bunun nəyi pisdir ki?! Bundan əlavə həmin tədbirdə tələbə mübadiləsindən də danışdıq. Bildirdim ki, universitetlər öz hesablarına tələbə mübadilələri aparsınlar. Qazaxıstan, Türkiyə, Azərbaycan, Qırğızıstan universitetləri bir illi, altı aylıq tələbə mübadiləsi keçirsin. Bunu təklif etdim, hesab edirəm ki, tələbə mübadiləsinin gerçəkləşdirilməsi təhsil sahəsində əlaqələrimizin daha da yaxınlaşmasına xidmət edən bir addım ola bilər”.